Dərman sincanotu
Dərman sincanotu (lat. Sanguisorba officinalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin sincanotu cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Dərman sincanotu (qaraçörəkotu) çoxillik ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-100 sm, qabırğalı, çılpaq, düzqalxan olub, daxili içiboş və oyuqludur. Kökümsovu yoğun, üfiqi və oduncaqlıdır. Şişman, dolğun kökləri çoxsaylı əlavə törəmələrdən ibarət olub, ilanabənzərdir. Kök üstündə olan yarpaqları 7-25 ədəd, iri, uzunsaplaqlı, cüt olmayan lələkli, gövdə yarpaqları isə oturaq, tədricən yuxarıya doğru getdikcə azalır. Yarpaqlarının uzunluğu 2,6-6 sm, uzunsov yumurtaşəkilli, itidişcikli, bəzən çəpərli, yuxarı tərəfi tünd-yaşıl, parlaq, aşağı tərəfi isə tutqun-göyümtüldür. Çiçəkləri tünd-qırmızı və ya tünd-purpur, oval uzunsov başcıqlı, oturaq olub, uzunluğu 1,5-3 sm olan bitkidir.
Quru çöllərdə, çaybasar çəmənliklərdə, seyrək meşələrdə, talalarda, kolluq pöhrəliklərdə, bataqlıq və sututarların sahillərində rast gəlinir.
Əsasən Sibir, Ural, Tatarıstan və Başqırdıstan ərazilərindən meyvələr yetişən zaman tünd-qırmızı olduğu zaman (avqust-sentyabr) toplanılır.